Əkbər Məftun
Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981).
Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir.
Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir.
O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur.
Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir.
1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir.